Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi
- 13 May 2020 12:30
- 984
Bu gün səhər saatlarında Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Məhəmməd Əliömərov dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, son olaraq Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi vəzifəsində çalışan təcrübəli mütəxəssis Mahaçqaladakı klinikaların birində 68 yaşında vəfat edib.
Qeyd edək ki, Əliömərov 1952-ci il mayın 29-da Dağıstan Respublikasının Çaroda rayonunun Tlyaroş kəndində dünyaya gəlib. SSRİ idman ustası olan Məhəmməd Əliöməroviç Sidney və Afina Olimpiadalarında sərbəst güləşdə qazanılan uğurlara görə Olimpiya Komitəsinin Ali Ordeni, 2007-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib.
2008-2017-ci illərdə AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi. Əliömərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Güləş Federasiyası mərhumun yaxınlarına, Rusiya və Dağıstan Güləş Federasiyalarına başsağlığı verib. Allah rəhmət eləsin.