Güləşçilərimiz Kiyevdə daha 3 medal qazandılar
- 28 Fev 2021 17:23
- 855
Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə 8 güləşçimiz mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vaxtından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Qvarzatilov finala vəsiqə qazanıb. Fevralın 28-də baş tutan son qarşılaşmada Ukraynanın daha bir təmsilçisiylə üz-üzə gələn Əhmədnəbi inamlı qələbəylə yığmamıza ikinci qızıl medalı qazandırıb.
Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Cəbrayıl Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb. Fevralın 28-də həlledici görüşdə Özbəkistanı təmsil edən İlyas Bekbulatovla qarşılaşan Hacıyev güclü rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Rəşad Yusifli yarışa türk həmkarı üzərində inamlı qələbəylə başlasa da, növbəti mərhələdə məğlub olub.
Osman Nurməhəmmədov debütdə Belarus təmsilçisinə sonuncu xal prinsipinə əsasən məğlub olub.
Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Qalayev fevralın 28-də təsəlliverici görüşə çıxıb və türkiyəli idmançı üzərində əzmkar qələbəyə sevinib. Vahid bürünc medal uğrunda Moldova təmsilçisi ilə qarşılaşıb və onun da öhdəsindən gəlməklə üçüncü yeri tutub.
Tatyana Varansova ilk mərhələdə yerli güləşçiyə müqavimət göstərə bilməyib. 53 kq-dakı digər təmsilçimiz Leyla Qurbanova isə moldovalı rəqibinə yenilib.
Tatyana Omelçenko təsnifat mərhələsində Polşa idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda dünya və 3 qat Avropa çempionu olmuş ukraynalı rəqibi ilə bacarmayıb.
Beləliklə, sərbəst güləş yığmamız Kiyev turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın millimiz isə 1 bürünc medalla başa vurub.
Sərbəst güləş
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2
1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0
1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4
FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna) 7:2
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2
1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3
1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3
FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan) 0:5
79 kq
Təsnifat: Rəşad Yusifli – Abdullah Arslan (Türkiyə) 7:1
1/8 final: Rəşad Yusifli - Arman Avaqyan (Ermənistan) 5:10
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Ömərhacı Məhəmmədov (Belarus) 3:3*
125 kq
1/8 final: Vahid Qalayev – Anzor Boltukayev (Rusiya) 5:1
1/4 final: Vahid Qalayev - Kamil Kosçiolek (Polşa) 2:13
Təsəlliverici görüş: Vahid Qalayev - Ekrem Karabulut (Türkiyə) 7:5
Bürünc medal görüşü: Vahid Qalayev - Samhan Cəbrayılov (Moldova) 8:4
Qadın güləşi
53 kq
Təsnifat: Tatyana Varansova – Nataliya Klivçutska (Ukrayna) 2:12
1/8 final: Leyla Qurbanova – Yuliya Leorda (Moldova) 0:6
62 kq
Təsnifat: Tatyana Omelçenko – Katarjina Madrovska (Polşa) 7:2
1/8 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) 3:13