Gürcüstanlı dünya çempionu Şuşadakı turnirə qatılacaq
- 19 Sen 2022 17:45
- 474
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub.
Rekord.az xəbər verir ki, “Shusha Chess 2022”də qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək.
Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu olan Meri Arabidze (FİDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq.
Qadınların yarışında Azərbaycan millisinin üzvləri, Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) çıxış edəcək.
“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.