“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov bir vaxtlar “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovu səhnədə dekorasiya qurmağa layiq bilmişdi. Samir Abasov həmin o məşqçi idi ki, “Neftçi”ni uzun illərdir həsrətində olduğu çempionluğa qovuşdurmuşdu. Özü də komandanı ağır bir vaxtda, 0:6 hesablı məğlubiyyətin psixoloji gərginliyinin altında qəbul etmişdi. Amma Abasov xarakter nümayiş etdirdi, komandanı toparlamağı bacardı. Düzdür, final oyununa FİFA referisi Elçin Məsiyevin şübhəli qərarları damğa vurmuşdu, di gəl ki, Abasovun “Neftçi”ni o səviyyəyə gətirib çatdırmasına bu məsələnin heç bir aidiyyatı yox idi.


Samir Abasov azərbaycanlı məşqçi idi, bir balaca səhvi olan kimi hamı onun üstünə düşürdü. Baxmayaraq ki, onun çalışdırdığı “Neftçi”nin öz dəsti-xətti var idi. Əksər oyunlarda futbolçular meydanda can qoyur, sonadək mübarizə aparırdılar. Meydandakı “ağ-qaralar”a baxanda hiss edirdin ki, məşqçi işi görünür, futbolçular hansısa məqsəd uğrunda mübarizə aparırlar. Bu baxımdan azərbaycanlı Samir Abasovun çalışdırdığı “Neftçi” ilə rumıniyalı Laurentsiu Regekampfın meydana çıxardığı komanda arasında yerlə göy qədər fərq var. Ölkə kubokunun finalında da bunu bir daha gördük. 


Mövsüm ərzindəki cansıxıcı oyunları bir kənara qoyuram. Əcnəbi çalışdırıcı kubokun həlledici oyununda belə əsas heyətdəki 11 futbolçunu toparlamağı, onları döyüşkən komandaya çevirməyi bacarmamışdı. Halbuki, azarkeşlərin könlünü almaq, mövsümü major notlarla bitirib, gələcəyə ümidlə baxmaq üçün əsaslar yaratmaq mümkün idi. Bunun üçün “Qəbələ”ni məğlub edib, kuboku qazanmaq yetərdi. Səbrsizliklə gözləyirəm ki, Zaur Qəhrəmanov rumıniyalıya da bir bənzətmə tapsın, Samir Abasovun könlünü alsın. Elə bizim də. 


Azərbaycanda məşqçilərin, futbolçuların məvacibləri, bağlanılan müqavilələrin maddi tərəfi açıqlanmır. Eləcə deyirlər ki, filan klub bəhmənkəslə bu qədər müddətə müqavilə bağlayır. Həmin müqavilə müddətində klubun futbolçuya, yaxud da məşqçiyə nə qədər ödəyəcəyini özlərindən başqa heç kim bilmir. O cümlədən də “Neftçi”nin iki illik müqavilə bağladığı rumıniyalı mütəxəssis Laurentsiu Regekampf məvacibindən xəbərsizik. 

 

Adətən, əcnəbilərin qazancını onların gəldiyi ölkənin mətbuatı yazır, bizim də onlara inanmaqdan başqa əlacımız qalmır. Rumıniya mətbuatı Regekampfın “Neftçi”dəki maaşının aylıq 40 min avro olacağı barədə məlumat vermişdi. Sonradan digər mənbədən bu məlumat təkzib olundu. Mənbə dediyim də Launrentsiunun keçmiş həyat yoldaşı Anamariya Prodan idi. Anamariya elə rumın jurnalistlərlə söhbətində belə demişdi: “Bir az inanılmazdır. Amma onun maaşı ayda 22 min dollardır”. Elə 22 min dollar da az pul deyil. Azərbaycanlı mütəxəssislər bu boyda pulları ancaq yuxularında görür, keflərinin yaxşı vaxtlarında xəyal edirlər.


Deyirəm ki, kaş rəhmətlik Habil Əliyev sağ olaydı və Regekampfla qarşılaşaydı. Ona deyərdi ki, sənin bu qabiliyyətlə aldığın 22 min dollar yox e, 22 dollar da çoxdur. “Neftçi” rəhbərliyi verir, sən hansı üzlə o pulu alıb, xərcləyirsən?!