“Hakim qolu qeydə alandan sonra fikrini dəyişirsə...”
- 14 Okt 2019 11:42
- 800
“Evdə bu rəqibə uduzduğumuzdan səfərdə daha ehtiyatlı oynamaq istəyirdik. Son vaxtlar qol buraxsaq belə, sona qədər mübarizə apara, fərqlənə bilirik. Bu gün də həmin matçardan biri idi".
Rekord.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Qara Qarayev Macarıstan yığmasına 0:1 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə mərhələ matçını şərh edərkən söyləyib.
27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, komanda olaraq daha yaxşı müdafiə olunublar: "Düzdü, öndə müəyyən çatışmazlıqlarımız vardı. Bu gün uğur qazanmağa yaxın olsaq da, heç nə əldə edə bilmədik".
- Baş hakimin Bəhlul Mustafazadənin təmiz qolunu qeydə almaması barədə nə deyə bilərsiz?
- Hakimlər haqda çox danışmaq istəmirəm. Ancaq mənə bir şey maraqlıdı - referi qolu qeydə alandan sonra fikrini dəyişirsə, bunu bir sübutu olmalıdı. Fikrimcə, burada bir qədər Macarıstana qarşı rəğbət vardı. Təmiz qol idi. Referi oyundan sonra təəssüfləndiyini, qərarının səhv olduğunu dedi. Buna qədər asanlıqla "səhv" deyərək xalımızı əlimizdən alır.
- Sanki görüşün əvvəlində komandada özünəinam az, sürət aşağı idi. Bu nədən qaynaqlanırdı?
- Bu, normal haldı. Bizim hazırlıqsız və ya hansısa problemimizin olması demək deyil. Rəqibin belə başlayacağı bəlli idi. Bəhreynlə yoldaşıq qarşılaşmasında da bu cür idi. Rəqib evdə oynayırsa, ilk dəqiqələrdən əlindəki imkanları ortaya qoymaq istəyir. Oyunlarımızda ilk 10-15 dəqiqə daha gərgin keçir. Bunu ötüşdürürüksə, daha yaxşı nəticə qazana bilirik. Təəssüf ki, bu gün alınmadı. Ondan sonra rəqibə 100 faizlik qol şansı vermədik.
- Oktyabrın 12-də 27 yaşınız tamam oldu, təbrik edirik. Bu gün isə ilk dəfə olaraq millini meydana kapitan kimi çıxardınız. Bu, necə hiss idi?
- Təbrikə görə təşəkkür edirəm. Milli komandanın kapitan sarğısını daşımaq qürurvericidi. Allah bu sarğını karyeramın sonuna qədər layiqli şəkildə daşımağı nəsib etsin.
- Bu gün hakim səhvini nəzərə almasaq, xal qazana bilməməyimizin əsas səbəbi nədi?
- Əsas problem ön xətdə çoxluq yarada bilməməyimiz idi. Hücumda çoxala bilsək, daha yaxşı olardı. İlk yarıda top daha çox rəqibdə oldu. Ona görə də məcburən müdafiəyə çəkildik. Əks-hücum tutanda da 2-3 oyunçumuz olurdu. Bəzi epizodlarda biz də yaxşı çıxış etdik. Qol da vura bilərdik. Rəqibin də 100 faizlik şanları olmadı.