"Hakimə dedim ki, səni biz söysəydik, çoxdan "qırmızı" vermişdin" MÜSAHİBƏ
- 29 Noy 2019 11:33
- 791
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Görüşlə bağlı nə deyəcəksən?
- Buradan ən azı bir xalla ayrılmaq istəyirdik. Rəqibin topa yaxşı nəzarət etdiyini bilirdik. Ona görə müdafiəyə daha çox fikir verərək, ən azı bir xal qazanmaq istəyirdik. Üç xal da arzulayırdıq. Amma bizim üçün daha real bir xal idi. Əlimizdən gələni etdik. Qola qədər rəqibə 100 faizlik epizod vermədik. Yaxşı müdafiə olunurduq. Sadəcə, hücumlara çıxa bilmirdik. Bu da topsuz oynadığımıza görə idi. Amma rəqibin cərimə meydançamıza girməsinə imkan vermirdik. Buna baxmayaraq, qapımızda şanssız qol gördük. Oyunun gedişatı daha da çətinləşdi. Risk aldıq, rəqibin üzərinə getdik ki, nəyəsə nail olaq. "Sevilya" top itkiləri də etdi, amma biz istifadə edə bilmədik. Bu komanda qrupun favoriti idi.
- Buraxılan ilk qoldan sonra hər şeyin bitdiyini düşündüz?
- Qol buraxmayanda komanda daha inamlı oynayır. Hesabda geri düşəndən sonra isə psixoloji olaraq eniş yaşayırsan. Top itkilərimiz olurdu. Amma uduzmamağa çalışırdıq.
- Abdullah Zubir və Xayme Romeronun özünü göstərə bilməməsi nə ilə əlaqədar idi?
- Komanda yoldaşlarım haqda danışmağı düzgün saymıram. Baş məşqçi fikir bildirsə, daha doğru olar. Bütün legionerlər əlindən gələni etdi. Sadəcə alınmayanda alınmır.
- Zubirin epizodunda penalti var idi?
- Hakimlər belə epizodlarda daha çox güclü komandalara böyük hörmət bəsləyirlər. Açıq-aşkar görünürdü ki, hakimin simpotiyası rəqibədir. Beynəlxalq oyunların çoxunda bunu görmüşük. Bu, normal haldır.
- Baş hakimə yaxınlaşıb nə dedin?
- Bir epizodda ispan oyunçu onu təhqir etdi. Hakim də normal qəbul elədi. Hakimə dedim ki, o sözü biz sənə desəydik "qırmızı" verərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyun cəza verərdi. Başladı nağıl danışmağa. Amma özüm eşitdim. Ordan da görünür ki, hakimin rəqibə simpatiyası var idi.
- Tomas Dollun çalışdırdığı APOEL-ə niyə bata bilmədiz?
- Həmin oyunları müsbət cəhətdən də analiz etmək olar. Hər iki oyunda da möhtəşəm oynamışıq. Bütün üstünlük bizdə idi, sanki hər şey tilsimlənmişdi. Tilsimi qıra bilmədik. Düzdür, nəticə onlarındır. Amma biz hər şeyi etmişdik.
- Nə vaxtsa qış fasiləsindən sonra da avrokuboklarda oynaya biləcəksiz?
- Məşqçi, futbolçu heyəti və prezident olaraq hər zaman ən yaxşısını etməyə çalışmışıq. Niyyətimiz Azərbaycana yeni nailiyyətlər gətirməkdi. Yolumza davam edirik. İnanıram ki, növbəti illərdə də Azərbaycana Avroliqa həyəcanı gətirəcəyik.
- Səncə, "Qarabağ" qrupdan çıxmağa layiq idi?
- Statistikaya görə, biz APOEL-dən üstün idik. Amma APOEL çıxıbsa, onların uğuruna kölgə salmaq istəmirəm. Düşünürəm ki, nu, klubumuzun da adına yaraşmaz.
- "Düdelanj"la oyuna köklənmək nə dərəcədə çətin olacaq?
- Sözsüz ki, çətin olacaq. Amma inanıram ki, azarkeşlərimiz bizə dəstək verəcək. Ən azından reytinq xalı qazana bilərik. Klubumuz və azarkeşlərin adına yaraşan şəkildə oyun keçirəcəyik. Formal xarakter daşısa da, azarkeşləri stadiona dəvət edirəm. Bizim yanımızda olsunlar.
- Rəşad Sadıqovsuz çətin idi?
- Rəşad kapitanımızdır. O, bir çox oyunçuların yanlış davranışlarına düzəliş verir. Oyunun tempini nizama salır. Rəşad bundan sonrakı oyunlarda daha çox lazım olacaq. İnşallah, bundan sonra Rəşadı tezliklə yenidən əsas heyətdə meydanda görərik.