“Roma” klubunun baş məşqçisi Paulo Fonsekanın İtaliya Futbol Federasiyası tərəfindən cəzalandığını xəbər vermişdik.

Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2 oyunluq diskvalifikasiyaya məruz qalmışdı.

Cəzaya Fonsekanın A Seriyasının 7-ci turu çərçivəsində keçirilən “Kalyari” ilə oyundan sonra qarşılaşmanın baş hakimini təhqir etməsi səbəb olmuşdu. Lakin “Roma”nın etirazı səbəbindən İtaliya Futbol Federasiyası məsələyə yenidən baxıb və Fonsekanın cəzası 1 oyuna endirilib.

Xatırladaq ki, “Roma” – “Kalyari” matçı 1:1 hesabıyla başa çatmışdı. Sözügedən oyunda referi romalıların hücumçusu Nikola Kaliniçin son dəqiqələrdə vurduğu qolu öncə qeydə alsa da, bir qədər sonra onu ləğv etmişdi. Bunu böyük qəzəblə qarşılayan Fonseka isə hakimlərə çox sərt şəkildə etirazını bildirmişdi.