“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”ı qəbul edib.

Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov belə oyunlarda qol epizodlarının az olduğunu bildirib:

“Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Belə oyunlarda qol epizodları az olur. Çox şeylə mübarizə aparırıq. Son oyunlarda hakimliklə bağlı çətinliklər yaşayırıq. Son dəqiqələrdə olan bu epizod açıq əl deyilsə, nədir? Hakimlər Komitəsindən xahiş edirəm, bunu bizə izah eləsin. Bəlkə, biz bilmirik. Bilmiriksə, qaydaları bizə izah etsinlər. Digər rəqiblərin belə epizodlarına dəfələrlə baxmışam ki, həmin anda penaltini qeydə alıblar. Amma ümumən, yolumuza davam etməliyik. İstəmirəm ki, uşaqlar ruhdan düşsünlər.

Hakimlər son iki-üç turda bizə qarşı açıq-aşkar qərəzli davranırlar. Mənə görə bu epizod penalti idi. İdarəçilikdən narazıyam. Bəlkə, büdcəyə baxıb belə edirlər, uşaqları həvəsdən salır belə hallar”.