Hakimlər üçün seminar keçirilib
- 06 Noy 2023 10:16
- 279
Voleybol üzrə 2023-2024-cü illərdə ölkəmizdə təşkil olunacaq yarış və turnirlərdə iştirak edəcək hakimlərin seminarı keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində baş tutan seminarda 40-a yaxın hakim iştirak edib.
İlk olaraq Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayıblar və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
E.Zülfüqarov və Z.Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Seminarın sonunda hakimlər test imtahanında iştirak ediblər. Hakimlər komissiyası hakimlərin təyinatını testin nəticələrinə uyğun olaraq həyata keçirir.
Ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər komissiyası tərəfindən təyin olunur.
Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.