“Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsi doğru deyil”
- 22 Dek 2023 20:54
- 365
“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçla bağlı fikirlərini mətbuat xidməti ilə bölüşüb.
Rekord.az xəbər verir ki, o, komandasının 88:95 hesablı məğlubiyyətini belə şərh edib:
“Pley-off yolunda bizimlə birgə mübarizə aparan rəqiblə görüşdə qələbə yaxşı nəticə olacaqdı. Bundan əvvəlki iki turda qalib gəlməklə irəliləyişə nail olmuşduq. Üçüncü addımı da ata bilsəydik, daha yaxşı ola bilərdi. Geridönüş etməyə nail olduq. Fərqi aradan qaldırdıq. Amma təəssüf ki, oyunun sonunda uğurlu ola bilmədik. “Sərhədçi” ilə matçda da eyni şeylər baş vermişdi. Bu gün də hakimlərlə bağlı təkrar hadisələr oldu. Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsini doğru görmürəm. Ədalət təmsilçiləri xəta edə bilərlər. Buna çox adətkaram. Türkiyədə, Avropada bu cür olayları yaşadıq. Eyni epizodda hər komanda üçün fərqli qərarlar verilir. Hakimlərin də bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Çünki biz komanda olaraq əmək sərf edirik, zəhmət çəkirik. Belə səhvlər olduqda nəticə də fərqli olur. “Sərhədçi” ilə oyunda da bir oyunçumuzun meydandan qovulmasına görə görüşü uduzduq. Eyni şeylər indi də təkrarlandı. Bunu başa düşə bilmirəm. Ümid edirəm ki, hakimlər də öz səhvlərindən nəticə çıxardarlar. İkinci dövrəyə daha yaxşı şəkildə hazırlaşmalıyıq".