Hamı stadiona!
- 22 Yan 2025 22:22
- 85
Sabah Azərbaycan futbolu azarkeşinin böyüklük imtahanı var.
"Qarabağ" Avroliqada növbəti oyununa çıxır, rəqib də "Styaua"dı. Pley-off üçün son şansdı, istənilən xal itkisi onsuz da az olan ehtimalları sıfıra endirəcək. Yəni yarışda ölüm-qalım matçıdı, çox vacib qarşılaşmadı.
Rəqib şübhəsiz ki, güclüdü, təhlükəlidi. Rumınlar daha çox xal ehtiyatına, daha yaxşı nəticəyə malikdilər, psixoloji cəhətdən də daha üstün mövqedədilər. Amma belələrini "Qarabağ" çox yenib. Yenə də yenə bilər.
Amma təkbaşına yox.
Bu, "Qarabağ"ın Liqa mərhələsində son ev matçıdı. Xal itkisi olsa, biz bir də Avropa futbolunu tribunadan ən tezi yayda izləyəcəyik. Qələbə isə pley-offu, bu seriyanı davam etdirmək üçün yeni bir imkanı gətirə bilər. Bunun üçün isə komandanın dəstəyə ehtiyacı var. Azarkeş dəstəyinə, tamaşaçı dəstəyinə. Çətin günündə yanında olacaq, ona etimadını yerində göstərəcək adamlarını dəstəyinə.
"Qarabağ"ın son 1 ayda xeyli çətinliklə üzləşib. "Elfsborq" səfərindəki məğlubiyyət növbəti mərhələ şanslarını minimuma endirib, komandanın əsas qol ümidi Vətəninə transfer olunub. Zədəlilər var, heyət tam hazır olmaya bilər. Üstəlik, də mənəvi məsələ. Orta xəttin lideri Yasin Benziyanın anası təzəlikcə rəhmətə gedib. Öz əla oyunu ilə azarkeşə xoş anlar yaşatmış oyunçunun məhz indi sevgiyə ehtiyacı var. Məhz indi Benziya tək olmadığını hiss eləməli, Azərbaycan futbolsevərinin onun yanında olduğunu fiziki olaraq görməlidi.
Tək Benziya yox, bütün "Qarabağ".
İtkinin böyük-kiçiyi olmur, amma "Qarabağ" da camiə olaraq ötən şənbə çox böyük itki yaşadı. Klubun fəxri prezidenti, "Qarabağ"ın "Qarabağ" olmasında əvəzsiz rolu olan Abdolbari Gözəl dünyasını dəyişdi. İstənilən insan itkisi üzücüdü, ancaq bir klubun, xüsusilə bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edən klubun bu cür itki ilə üzləşməsi öz təsirini mütləq ki, göstərəcək. Xüsusilə də bu cür vacib məqamda. Bu gün Qurban Qurbanov da mətbuat konfransında dedi ki, bu, həm komanda, həm də klub üçün təsirli məqamdı, böyük itkidi, bunu tezliklə yaddan çıxarmaq mümkün olmayacaq. Məncə də elədi. Çətin olacaq, amma biz bu yükü mümkün qədər yüngülləşdirə bilərik.
Bunun üçün sabah sadəcə tribunada olmaq lazımdı. Bilet almaq, komandanın yanında olmaq. Başqa heç nə.
"Qarabağ" onsuz da yaxşı futbol oynayacaq, rəqibinə çətin anlar yaşadacaq. "Styaua" dünya nəhəngi, məğlubedilməz bir komanda deyil. Əmin olun ki, onlar da təmsilçimizdən çəkinirlər, gücünə bələddilər, yenilə biləcəklərini qəbul edirlər. "Qarabağ"ın gücü yerindədi. Çatışmayan ancaq mənəvi dəstəkdi. Məhz indiki məqam azarkeşin - Azərbaycan futbolu azarkeşinin öz böyüklüyünü göstərməsi, böyük qələbələr bəxş etmiş "Qarabağ"a - kluba, komandaya, şəxslərə öz vəfasını nümayiş etdirməsinin tam zamanıdı.
Biz üzərimizə düşəni edək. Əmin olun ki, "Qarabağ" bunun əvəzini verəcək.