“Hamının bu oyundan zövq almasını istəyirəm”
- 16 Noy 2023 20:00
- 314
"Mənim istəyim oyunçuların, hakimlərin və baş məşqçilərin bu görüşdən zövq almasıdır".
Rekord.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmən Azərbaycan Basketbol Liqasının 4-cü turunda "NTD-İndiqo"ya qarşı keçirəcəkləri oyunla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis rəqibin çox güclü olduğunu bildirib: "Bu mövsüm çempionluq üçün heyət formalaşdırıblar. Qarşılaşma çətin olacaq. Matçın çox maraqlı olacağını gözləyirəm. Düşünürəm ki, meydanda sərt mübarizə izləyəcəyik. İki komanda da qazanmaq istəyir və hədəfləri böyükdür. Bizim üçün çox ağır bir görüş olacaq".
Dikmən yaxşı hazırlıq keçə bilmədiklərini söyləyib: "Çünki daim hazırlaşdığımız zalda güləş turniri var idi və buna görə də 2 gün məşq edə bilməmişik. Oyunçularımızla öz imkanları daxilində hazırlaşmışıq. Sadəcə, matçdan 1 gün öncə zala gələ bilmişik. Bu bir bəhanə deyil, çünki biz mövsümün əvvəlindən hazırlıqlara başlamışıq. Komandam hazır durumdadır".
Noyabrın 17-də Sumqayıtda reallaşacaq "Xəzri" - "NTD-İndiqo" oyunu saat 15:00-da başlayacaq.