"Hədəfim azərbaycanlı "Formula 1" pilotu ünvanına sahib olmaqdır"
- 28 Dek 2019 13:27
- 708
"Hədəfim azərbaycanlı "Formula 1" pilotu ünvanına sahib olmaqdır. Gələcəkdə ən yaxşı sürücülərin sırasında yer almaq istəyirəm".
Rekord.az xəbər verir ki, bunu Böyük Britaniyada yaşayan azərbaycanlı kartinq pilotu Cəmil Həsənli Rocers Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Hazırda İngiltərənin "Coles Racing" komandasında çıxış edən 14 yaşlı sürücü ilk dəfə 8 yaşında kartinq sürməyə başladığını söyləyib: "Jurnalda gördüyüm kartinq şəkli diqqətimi çəkdi və istiqamətə yönəldim. Əslində, bu, gizli, üzdə olmayan idman növüdür. Adətən, ailədə bu sahə ilə bağlı şəxslər olanda uşaqlar da maraqlanır".
Həsənli "Formula 1"in Azərbaycanda keçirilməsini sevinclə qarşılayıb: "Mənim üçün gözlənilməz xəbər oldu və bunu fərəhlə qarşıladım. Bakıdakı yarışları izləmişəm. Ən çox bəyəndiyim pilotlar Lüis Hemiltonla Daniel Rikkardodur. Hədəflərimə çatmaq üçün çox vəsait tələb olunur. İlk hədəfim "Formula 4"də yarışmaqdır. Sponsorlar tapdıqca, irəliləmək imkanı olacaq".
Yeniyetmə pilot avtomobil idmanı ilə yanaşı, DJ sənətinə maraq göstərdiyini bildirib.
Qeyd edək ki, Cəmil Həsənli Rocers artıq 6 ildir kartinqlə məşğul olur. İlk dəfə podiuma 12 yaşında çıxan Azərbaycan idmançısı üçün bu il ən uğurlu olub. O, “Super One” çempionatının 8 yarışından 5-də podiuma yüksələrək ümumi hesabda 3-cü yeri tutub.
Yeniyetmə pilot azərbaycanlı aktrisa, Azərbaycan SSR-nin Əməkdar artisti Şəfiqə Qasımovanın və dirijor Əşrəf Həsənovun nəticəsidir. (Report)