“Həm bizim, həm də Azərbaycan millisinin DÇ-yə vəsiqə qazanmaq şansı var”
- 21 Yan 2020 23:20
- 783
Futzal üzrə Azərbaycan və Özbəkistan yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, millimizin braziliyalı çalışdırıcısı Joze Alesio Da Silva 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
“İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idi. Bizdə isə hazırda Yüksək Liqada fasilədi və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb.
Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdi. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.
Özbəkistan millisinin baş məşqçisi Bahodir Ahmedov isə bunları söyləyib:
“Bakıya gəlmək mənim üçün xoşdu. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanı oldu, amma biz bu şanslardan daha yaxşı istifadə etdik. Qələbə qazanmağımızda əsas faktor müdafiədə düzgün oynamağımızla bağlıdı. Bu da futzalda vacib amildi. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb edilən yeni futzalçıları yoxlamaqdı. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycan millisinin Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsində vəsiqə qazanmaq şansı var”.