Yığmamız AÇ-2020-nin seçmə mərhələsini 1 xalla tamamladı. Maraqlıdı ki, komanda sonuncu dəfə 24 il öncə də eyni nətcini göstərmişdi. Bu səbəbən də hazırda ölkə futbolunun rəhbərliyinə qarşı kəskin etiraz var. AFFA başbilənləri futbolumuzun 24 il öncəyə qayıtması üzündən böyük bir kəsim tərəfindən haqlı tənqid atəşinə tutulur.


Maraq üçün qeyd edək ki, yığma məlum səbəblər üzündən 24 il öncə rəqiblərini Türkiyənin Trabzon şəhərində sınağa çəkirdi. Bu üzdən iki dönəm arasında müqayisə aparmaq düzgün olmazdı. Bununla belə, həmin vaxt millinin heyətində olan oyunçulardan bir neçəsi ilə danışmaq qərarına gəldik. Yunis Hüseynovla Nazim Süleymanov gün ərzində zənglərimizə cavab vermədilər. Vidadi Rzayev isə milli komandanın uğursuz nəticəni təkrarlamasının səbəbləri haqda bunları söylədi: “O dövrlə indini müqayisə etmək çətindi. Ancaq millinin bugünkü çıxışını Millətlər Liqasındakı nəticələrdən sonra da gözləmək olardı. Biz orda da ürəkaçan çıxış etmədik. Yəni hadisələrin belə axarı Millətlər Liqasından görünürdü. Burda 8 komandalı çempionatın da müəyyən rolu var. Oyunçu seçimi olduqca azdı. Bu işdə hamımızın günahı var. Futbol adamlarının hər biri günahkardı millinin belə çıxış etməsində. Biz səhvi lap əvvəldən etdik. Hələ 2005-ci ildə cənab prezident ölkə futbolunun inkişafı ilə bağlı Dövlət Proqramı imzalamışdı. Həmin dönəmdə yeyintilər, dağıntılar olmasaydı, bu gün hər şey fərqli olardı. Məncə, əsas səhvi o vaxt etdik. İndi maliyyə durumu da istənilən səviyyədə deyil. Uşaq futbolu, birinci divizion - hamısı problemdi. Belə birinci dəstə olar? Səviyyəsi yüksək olmalıdı. Divizionda limit məsələsi də düzgün deyil. Biz hər şeyi Dövlət Proqramında itirdik. Premyer-liqada 8 komanda var, altısı Bakını təmsil edir. Belə çempionat, belə rəqabət olmaz. Birinci dəstədən premyer-liqaya komanda çıxmalıdı. Onların da prinsipi, məqsədləri olmalıdı. Birinci yeri tutan əsas liqaya gələ bilmir. Vallah, mən dünyada belə şey görməmişəm. Mən oynadığım son dönəmlərdə hamı birinci diviziona baxırdı. Maraqla gözləyirdik ki, görəsən, kim gələcək əsas liqaya. İndi isə görün vəziyyət necədi. Milli komandanın bu vəziyyətdə olmasının baş məşqçi ilə də əlaqəsi yoxdu. Qurban Qurbanov olmur, kim olur-olsun, yenə bu nəticə olacaqdı. Lap baş məşqçi mən olsaydım belə, heç nə dəyişməyəcəkdi”.