Dünən AFFA Həmkarlar İttifaqının (AFFA Hİ) plan üzrə ayda iki dəfə nəzərdə tutulan növbəti yığıncağı keçirilib.

 

 

"Rekord.az" xəbər verir ki, yığıncaqda son 15 gün ərzində təşkilatın fəaliyyəti müzakirə olunub.

 

Təşkilatın sədri Nazim Süleymanov görülən işlərə görə ittifaqın üzvlərinə öz minnətdarlığını bildirib. Daha sonra o, gündəlikdə duran məsələləri öz həmkarları ilə birgə müzakirə edib. Əsas məsələlərdən biri isə ittifaqa öz ərizəsi ilə üzv olan Tofiq Mustafayevin birdən-birə Nazim Süleymanovun sədri olduğu təşkilatın heç vaxt üzvü olmadığını mətbuat vasitəsilə elan etməsi olub. Mustafayevin bu hərəkəti yığıncaq iştirakçıları tərəfindən şiddətlə qınanılıb və onun etdiyi bu hərəkət onlara qarşı böyük hörmətsizlik kimi qiymətləndirilib. Qeyd olunub ki, Tofiq Mustafayev bunu mətbuat vasitəsilə elan etməkdənsə, gəlib könüllü ərizə yazıb, təşkilatdan getsəydi, daha düzgün olardı. Qərara alınıb ki, Tofiq Mustafayev istədiyi vaxt gəlib ərizə yazıb, təşkilat üzvlüyündən imtina edə bilər.

 

Gündəlikdə duran digər məsələ isə dünən keçirilən Azərbaycan Futbol Veteranları İttifaqının(AFVİ) iclasında AFFA Hİ-nin fəaliyyətinə qarşı qeyri-qanuni fikirlərin səsləndirilməsi olub. Qeyd olunub ki, Oktay Abdullayevin Azərbaycan Futbol Veteranları İttifaqı adından kecirdiyi iclaslara tək-tək hallarda keçmişdə AFFA Hİ-nin üzvü olan bəzi veteran futbolçular dəvət olunsalar da, son zamanlar bütövlükdə veteranlar ittifaqının iclaslarına dəvət olunmurlar. Daha kəskin çıxış edən Orucəli Durmuşov bildirib ki, "bizi iclasa çağırmamaqları bir yana, arxamızca da danışırlar". Natiq onu da qeyd edib ki, aldığı məlumata görə, iclasda hətta onun aldığı pensiyanı da müzakirə ediblər. Keçmiş hakim bu müzakirəni aparanların kim olduğunu tezliklə öyrənib, sonra mətbuata açıqlama verəcəyini bildirib. Durmuşov vaxtilə veteranların sədri olduğu dönəmdə hamı onun başına yığışdığını da bildirib: "İsgəndər Cavadovun 50 illiyində Gürcüstandan tutmuş Ukrayna, Moskvadan belə hamını mən yığıb, gətirmişdim. İndi necə oldu, yaddan çıxdıq? Biz bu təşkilatı yaratmamışıq ki, veteranlara pislik edək. Bizim onların fəaliyyəti ilə işimiz yoxdur. Onlar da bizim işimizə qarışmasın. Biz bu təşkilatı yaratmışıq ki, futbolumuzun inkişafına kömək olaq. Pensiya almaq mənim haqqımdır. Mənim pensiya almağım bütün kriteriyalara uyğun gəlir".

 

Yalnız həmkarlar ittifaqının üzvü Novruz Əzimov veteranlar ittifaqının iclasından 4 saat qabaq dəvət aldığını və dəvətin gec alması ilə bağlı iclasa çata bilməyəcəyini Oqtay Abdullayevə deyib. AFFA Hİ Luksemburqdakı erməni təxribatına da münasibətini bildirib. Qeyd olunub ki, "Düdelanj " - "Qarabağ" matçındakı olaylar təkcə "Qarabağ " klubuna qarşı yox, ümumi Azərbaycan futboluna, Azərbaycan xalqına qarşı törədilən təxribatdır. Azərbaycan tərəfindən atılan hər bir addımı dəstəklədiklərini bildirən həmkarlar, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ın səfərdə "APOEL" ilə qarşılaşacağı matçda da qabaqlayıcı tədbirlər görülməsinin vacibliyini xüsusilə vurğuladılar. Belə prinsipial matçlarda hamı Azərbaycan futbolu, ölkəmiz adına birləşib, həmkarlıq nümayiş etdirməyin vacibliyi qeyd olunub.