Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsində qızıl medal qazanan Yu Heng Li açıqlama verib:

“Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşı mərkəzlərdən biridir. Burada sonuncu dəfə 7 il əvvəl olmuşdum. Bakı yadımda gözəl şəhər kimi qalıb. İnsanlarınız da qonaqpərvərdir. Səmimi sözümdür, yenidən Azərbaycanda olduğuma və qızıl medal qazandığıma görə şadam.

Final görüşü gərgin keçdi. Hər nə qədər təcrübəli olsam da, arxayınlaşmıram. Əksinə, məsuliyyətim bir az da artır. Ən yaxşısını etmək üçün əlimdən gələni etməyə çalışıram. Gərgin məşqlərin nəticəsi “qızıl” oldu.

Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm”.