Macarıstanda qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə mübarizə aparan Azərbaycan millisinin iki üzvü Ayşən Abduləzimova və Nikalina Başnakova da meydana çıxıblar.

Abduləzimovanın formasını geyindiyi "Vasas" 7-ci turda "Bekescsaba" ilə qarşılaşıb. Təcrübəli blokçumuzun komandası rəqib meydanında uğursuz çıxışedib. 3 hissə davam etmiş matçda Ayşən və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (18:25, 19:25, 22:25). Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 5 dəfə fərqlənib. Abduləzimova xalların 4-nü hücumda, 1-ni isə blokda qazanıb.

Başnakovanın şərəfini qoruduğu "MCM" isə səfərdə "Szent Benedek" klubu ilə üz-üzə gəlib. Hücumçumuz da Ayşənin aqibətini yaşayıb. Voleybolçumuzun komandası 3 setlik qarşılaşmadan məğlub ayrılıb - 0:3 (20:25, 21:25, 21:25). Millimizin üzvü bu görüşdə 14 xal qazanıb ki, bu göstərici ilə o, komandasının ən məhsuldar oyunçusu olub. Başnakova meydan sahiblərini 13 dəfə hücumda, bir dəfə isə blokda məyus edib.