Mövsüm avqustun 21-də start götürəndə ölkə dağınıq vəziyyətdə idi. Pandemiya səbəbindən yaranan durum hər şeyi iflic etmişdi. Hər yer bağlı idi, insanlar onları nəyin gözlədiyini bilmir, ardıcıl, bəzən çox məntiqsiz sərt karantin rejimi tətbiqlərindən böyük psixoloji zərbə alır, qeyri-müəyyənlikdən doğan və onunla müşayiət olunan yeni reallığa öyrəşməyə çalışırdı. Bu məqamda çempionatın startı belə möcüzə kimi görünürdü. Komandalar normal toplanış keçə bilməmiş, hərə bir məkana sığınaraq birtəhər hazırlıq etmişdilər. Ona görə də nə "Sumqayıt", nə "Neftçi", nə də "Keşlə" irəliləyişə nail ola bilmədilər. "Qarabağ" isə sona qədər getdi. Özü də necə...


Asan olmadı. Əvvəlcə, Rəşad Sadıqov kimi lider komandadan ayrıldı (mövsüm göstərdi ki, onun bu xüsusiyyətlərinin yarısını belə ortaya qoya biləcək biri tapılmadı). Ardınca ÇL macərası başladı. İki uğurlu mərhələdən sonra UEFA ölkəmizə ilk ikili standartını tətbiq edərək "Mölde" ilə ev oyunumuzu son anda neytral ölkəyə saldı və 120 dəqiqəlik ağır oyundan sonrakı penaltilər seriyasında məğlubiyyət gəldi.


Sonra müharibə başladı. Böyük Vətən Müharibəsi. Hamının fikri cəbhədə olduğu bir vaxtda "Qarabağ" toparlanmalı, fikrini bir yerə cəmləyərək Polşada, güclü "Legiya" üzərində  qələbə qazanmalı idi. Möhtəşəm bir zəfəri qazandı da. Həmin gecə hamımızın necə sevindiyini xatırlatmağa ehtiyac yoxdu. Böyük, vacib, yerində və zamanında qazanılmış, hərtərəfli, çox əhəmiyyət daşıyan bir qələbə oldu. 


Ardınca UEFA yenə ikili standartlar edərək ev oyunlarını yenə neytrala çəkdi, nəticədə Qurban Qurbanov və komandası az qala 3 gündən bir səfərdə oynamağa, günü yollarda, təyyarələrdə keçirməyə məcbur oldu. Çətinliklə də olsa, bir xal qazanıldı, mümkün ola biləcəklər edildi. Hazırda Avroliqanın finalında oynayan "Vilyareal" İstanbulda canını yalnız son 12 dəqiqədə qurtara bildi. Ciddi heyət problemi (milli oyunlarının da əlavə olunması ilə qrafik sıxlığı, koronavirusa yoluxmalar və s.)  ilə üzləşən "Qarabağ"ın bunları edə bilməsi hər cür alqışı haqq edən nəhəng bir iş idi.


Sonra Qurban Qurbanov özü virusa yoluxdu, amma şükür ki, hər şey yaxşı qurtardı.


Ardınca UEFA növbəti ikili standartını tətbiq edərək həm də qərəzini ortaya qoydu və absurd bir qərarla klubun mətbuat katibi Nurlan İbrahimov haqsızcasına futboldan uzaqlaşdırıldı, kluba böyük cəza verildi. 


Komandada virusa yoluxanların sayının çoxluğu səbəbindən "Qarabağ" qrupdakı son səfər oyununa gedə bilmədi, texniki məğlubiyyət aldı.


Payızdakı yüklənmənin fəsadları yazda özünü göstərməyə başladı. Bu gərgin fiziki və psixoloji rejimin ağırlığı oyunçuların sağlamlığında əksini tapdı və futbolçular zədələrlə sıradan çıxma sırasına düzüldülər. Elə bu gecəki matçdakı zədələrin səbəbini də yaxın iki yox, azı 8-10 ay əvvəldə axtarmaq lazımdı.


Nəticədə mövsümün ən çox qol vuran, ən az tpp buraxan, əsl dominantlığını rəqiblərinə yaşatdığı çoxsaylı böyükhesablı məğlubiyyətlərlə sübut edən 'Qarabağ" son matçın son dəqiqəsində qələbəni əldən verdi. İnanılmaz dərəcədə ağır, gərgin, yorğun bir mövsümü major notda başa vurmağa sadəcə güc çatmadı. Kim olsaydı çatmazdı. Bəlkə də başqa komanda olsaydı, bu qədər stresin içində nəinki çempionluq, ümumiyyətlə avrokubok yarışından belə kənarda qalardı. Amma uzun illər ərzində qurulan, düzgün bir mexanizm kimi çalışan sistem bura qədər gəlməyə imkan verdi.


Macəra dolu mövsümü bitirdi "Qarabağ". Bəlkə də möhtəşəm və tarixi qələbələrlə dolu, böyük bir eraya nöqtə qoyub, yenisinin təməlini atdı. Udmağı da, uduzmağı da bacaran bir komanda olaraq...


Yaşayıb görəcəyik.


"Qarabağ" təşəkkürü haqq edir. Həm bu, həm də bundan əvvəlki mövsümlərdə həm daxili, həm də beynəlxalq arenadakı çıxışı, duruşu və inamına görə. "Qarabağ" bizə gücümüzə inanmağı, rəqibin kimliyindən asılı olmayaraq mübarizə aparıb onu yenməyin, özü də bunu bir yox, ardıcıl, uzun illər boyu etməyin mümkünlüyünü göstərdi. Çox sağ olsun!


Hər şey üçün təşəkkürlər, "Qarabağ"!

 

Kənan Məstəliyev