Həsənli Serbiyada 14-cü oldu
- 30 Yan 2024 12:00
- 304
Yeniyetmə şpaqaçılarımız Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın “Cadet Circuit” turnirində çıxışın başa vurub.
Rekord.az xəbər verir ki, qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında ümumi sııralamada 14-cü olan Xədicə Həsənliyə məxsusdur.
Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yeniyetmə qız şpaqaçılardan ibarət yığmamız komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstan seçməsini 45:24 hesabı ilə məğlub edib. Ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran millimiz yarımfinal uğrunda keçirilən qarşılaşmada gümüş medalçı Ukrayna seçmə kollektivinə 29:45 hesabı ilə məğlub olub.
Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçılarımız komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya yığması üzərində 38:24 hesablı qələbə qazanan millimiz Şimali Makedoniya yığması ilə qarşılaşmada 45:41 hesablı qalibiyyət əldə edib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.