Həvəskarlar arasında badminton turniri keçirilir
- 05 İyl 2022 10:40
- 430
Azərbaycan Badminton Federasiyası 5 İyul-Dünya Badminton Günü ərəfəsində bu idman növünün təbliği istiqamətində silsilə tədbirlər keçirməkdə davam edir.
Rekord.az xəbər verir ki, bu dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyi və 5 İyul-Dünya Badminton Gününə həsr olunmuş həvəskarlar arasında badminton turniri keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışda 35-i kişi, 30-u qadın olmaqla ümumilikdə 65 həvəskar badmintonçu 5 komandanın tərkibində iştirak edib.
Komandalar simvolik olaraq olimpiya halqarının rənglərində mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşlər komanda yarışında şəxsi kateqoriyada oynanılıb. Açıq turnirdə yerli vətəndaşlarla yanaşı ölkəmizdə yaşayan əcnəbilər də qüvvəsini sınayııb.
Turnirin qalibi mavi formada mübarizə aparan komanda olub. Sarı və yaşıl formada mübarizə aparan komandalar isə müvafiq olaraq 2 və 3-cü yeri tutublar.
Mükafatçılar Azərbaycan Badminton Federasiyası və Milli Olimpiya Komitəsi tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Turnirin ən yaxşı kişi iştirakçısı Rauf Məmmədzadə,qadın iştirakçısı isə Könül Əliyeva seçilib. Turnirin baş hakimi Orxan Qələndərov isə yarışının təşkili,həvəskarlar arasında badmintonun təbliğində verdiyi töhfələrə görə Milli Olimiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov tərəfindən imzalanmış xüsusi diploma layiq görülüb.