Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Rekord.az Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən ABF İdarə Heyətinin üzvü Rövşən Hüseynov yarışın əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, “Heydər Əliyev Kuboku”ndan Avropa, dünya və Olimpiya mükafatçıları çıxıb.

İdman səfiri İlqar Qurbanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Petr Vinnik də ənənəvi yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Boks Mərkəzində keçirilən yarış mayın 18-də başa çatacaq. Turnirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstan yığmaları güclərini yoxlayırlar. Onlar 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 116 idmançının qatıldığı yarışda döyüşlər hər gün saat 14:00-da başlayacaq.