"Heydər Əliyev kuboku" uğrunda kikboksinq turniri keçirilib
- 27 İyl 2023 10:30
- 310
Yeniyetmə kikboksçular arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku" uğrunda Naxçıvan Muxtar Respublika açıq turniri keçirilib.
Rekord.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa rayon və şəhər təmsilçiləri, o cümlədən Türkiyənin İğdır vilayətindən gəlmiş "Yaycı" İdman Klubu olmaqla, ümumilikdə 6 komanda qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən turnirdə 54 idmançı iki yaş qrupunda 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib. Gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində digər sahələr kimi idmana da qayğı ilə yanaşıb, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin üstün istiqamətlərinə çevrilib, böyük idman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilib, onlardan səmərəli istifadə təmin edilibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür. Gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Uşaq və gənclərin idmana cəlbi ilə bağlı görülən işlər gənc nəslin idmana təşviq edilərək zərərli vərdişlərdən uzaq tutulması, onların vətənpərvər ruhda böyüməsi, cəmiyyətə layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Son bir neçə ayda idmançıların uğur dinamikasının yüksəldiyini deyən Məcid Seyidov əlavə edib ki, mövcud dövlət proqramlarının gələcək icrası, ölkə müstəvisində gedən irimiqyaslı quruculuq işləri, nəqliyyat və kommunikasiya planlaması Naxçıvan idmanı üçün də geniş imkanlar yaradacaq.
İdmanın insanlara sağlamlıq, motivasiya bəxş etməsi ilə yanaşı, cəmiyyətin müxtəlif sferalarını bir araya topladığını və mədəni həyatın bir parçası olduğunu vurğulayan federasiya sədri Xəyal Abdullayev bu sahədə icra olunan işlərin övladlarımızın gələcəyi, ölkəmizin təbliği və ümumi inkişafı üçün davamlı meyar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, idmançıların peşəkar hazırlığı diqqət mərkəzində saxlanılır, yeni karyera istiqamətlərində onlara dəstək nümayiş etdirilir. Ölkəmizin beynəlxalq və dünya səviyyəsində qazandığı idman nailiyyətləri hər bir idmançımızda Azərbaycanı şərəflə təmsil etmək eşqini daha da alovlandırır. Kikboksinq federasiyası da bu ali dəyərə xidmət yolunda öz fəaliyyət müxanizmini daim yeniləyir, idmançıların vətənpərvər ruhda yetişdirilməsi, peşəkar düşüncəyə və təcrübəyə malik olması yönündə səylərini davam etdirir.
Naxçıvanda özünü ana yurdundakı kimi hiss etdiyini deyən “Yaycı” İdman Klubunun rəhbəri Zəkəriyyə Mərt ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin idman sahəsində də özünü təcəssüm etdiyini vurğulayıb, türk dünyasının iki görkəmli siyasi xadimi Heydər Əliyevlə Mustafa Kamal Atatürkün, o cümlədən ölkələrin hazırkı liderləri tərəfindən sağlam və əqidəli gəncliyə, idmana göstərilən münasibət bu sahədə də ortaq dəyərlərimizin olduğunu göstərir. Klub rəhbəri yarışın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib.
Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzinin "Əlvan çiçəklər" qrupunun mahnı və rəqs nümunələrinin ardınca yarış final görüşləri ilə davam edib.
2009-2010-cu il təvəllüdlülər arasında Məhəmməd Fərzəliyev (32 kq), Fərdi Əliyev (37 kq), Nurəli Əsgərov (42 kq), Tunar Nəsirli (52 kq), Oğuz Məmmədli (47 kq), Məhəmmədəli Əsgərov (57 kq), Ravil Almməmmədov (63 kq), İsmayıl Hüseynzadə (69+ kq), 2007-2008-ci il təvəllüdlülərdə isə Sinan Kazımov (48 kq), Polad İsmayılov (57 kq), Məhəmmədəli Qasımov (60 kq), Uğur Əliyev (63,5 kq), Məhəmməd Novruzov (67 kq) və Hüseyn Əli Savar (81+ kq) qızıl medal qazanıblar.
İlk üçlükdəki idmançılar mükafatlandırılıblar. Mükafatları gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiya sədri Xəyal Abdullayev və klub rəhbəri Zəkəriyyə Mərt təqdim ediblər. Komanda hesabında birinci olan “Turan” Döyüş Klubu “Heydər Əliyev kuboku”na sahib çıxıb.