Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Karate üzrə Açıq Turniri uğurla başa çatıb
- 27 İyn 2023 14:20
- 428
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun Karate üzrə Açıq Karate Turniri 23–25 iyun 2023-cü il tarixlərində Bakı İdman Sarayında baş tutub.
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun yarışla bağlı verdiyi açıqlamada deyilir ki, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə keçirilən turnirin 1-ci günü – 23 iyun 2023-cü il tarixində AKFA-nın prezidenti Ülvi Quliyevin və AKFA-nın vitse-prezidenti Füzuli Musayevin iştirakı ilə karate üzrə texniki seminar keçirilib: “Bakı İdman Sarayında keçirilən möhtəşəm seminarda Azərbaycanın əfsanəvi karateçiləri başda olmaqla, 500-ə yaxın məşqçi və idmançı iştirak edib. Turnirin ikinci günü karate idman növü üzrə kata və kumitə yarışlarına start verilib”.
Qeyd edək ki, 24 iyun 2023-cü il tarixində, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun Açıq Karate Turnirinin açılış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində nitq söyləyən Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyev öncə Ulu Öndər Heydər Əliyevin dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Daha sonra AKFA-nın prezidenti Ü.Quliyev turnirin əhəmiyyətindən söhbət açaraq, dövlətimizə və Vətənimizə sadiq olan vətənpərvər gənclərin yetişdirilməsində karate idman növü üzrə ölkəmizdəki klub və federasiyaların gördüyü işlərdən bəhs edib, bu istiqamətdə fəaliyyət göstərən Arpaçay Karate Klubunun karate cameəsində oynadığı rolu yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Prezident İlham Əliyev başda olmaqla, dövlətimizin yürütdüyü daxili siyasətdə idmanın inkişafının prioritet olduğunu xüsusi vurğulayaraq, son illərdə idman sahəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib, bütün idmançılara, o cümlədən yarışda iştirak edən karateçilərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev də mərasimdə çıxış edərək Ulu Öndərin idman siyasətindən, indiki dövrdə ölkəmizdə idmana göstəriən qayğıdan bəhs edib.
Arpaçay Karate Klubunun rəhbəri Yavər Hüseynov öz çıxışında Vətən uğrunda döyüşən qazilərimizin, şəhidə ailələrinin tədbirdə iştirakını yüksək qiymətləndirib, turnirin açılış mərasiminə gələn bütün qonaqlara öz təşəkkürlərini çatdırıb.
Daha sonra turnirin fəxri qonaqları, o cümlədən şəhid ailələri və qazilərə Azərbaycan Karate Federasiyalar Assosiasiyasının Arpaçay Karate Klubunun adndan xatirə diplomları təqdim edilib.
Sonda ayrı-ayrı idman klublarının karateçiləri və rəqs qruplarının üzvlərinin iştirakı ilə bədii hissə baş tutub.
Yarışın üçüncü günü – 25 iyun 2023-cü il tarixində isə karate idman növü üzrə məşqlərə yeni başlayan idmançılar mübarizə aparıblar.
Sonda qeyd edək ki, 3 gün davam edən Arpaçay Karate Klubunun Açıq Turnirində, ümumiyyətlə, paytaxt Bakıdan, habelə Azərbaycanın regionlarından 1000-dən çox idmançı, o cümlədən 8–11 yaşlı uşaqlar, 12–15 yaşlı yeniyetmələr, 16–17 və 18 – 20 yaşlı gənclər kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. Medal sayına görə turnirin birincisi “Qara brilyant” klubu, ikincisi Fövqəladə Hallar Nazirliyinin İdman Klubu, üçüncüsü “Riyad” Şotokan Karate-do Klubu, 4-cüsü Mərkəzi Karate Klubu, 5-ci yerin qalibi isə Arpaçay Karate Klubu olub.