İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha bir təmsilçisi tatamiyə çıxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb. Burada isə yerli idmançı Tohar Batbalı "ippon"la yenən cüdoçumuz qızıl medal uğrunda görüşdə mübarizə aparmaq hüququ qazanıb. Onun həlledici görüşdəki rəqibi Obidxon Nomonov (Özbəkistan) olub. Finalda əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda qızıl xalla qalib gələn Heydərov çempion olub.

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında artıq iki medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxmışdı.

Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.