Hidayət Heydərov də DÇ-ni medalsız başa vurdu
- 09 May 2023 22:22
- 339
Dohada (Qətər) təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha bir idmançısı tatami üzərinə çıxıb.
İkiqat Avropa çempionu, dünya çempionatlarının üçqat bürünc medalçısı Hidayət Heydərov (73 kq) 1/16 finalda Adil Osmanovu (Moldova) mübarizədən kənarlaşdırıb, ardınca ABŞ təmsilçisi Cek Yonezukanı yenib. 1/4 finalda kanadalı Artur Marjelidonu da üstələyən Heydərov adını yarımfinala yazdırıb. Burada onun rəqibi italiyalı Manuel Lombardo olub. 25 yaşlı cüdoçumuz bu dueldən məğlub ayrılıb. Heydərov karyerasında dördüncü dəfə dünya çempionatının bürünc medalını qazanmaq üçün yaponiyalı dünya çempionu Soiçi Haşimoto ilə qarşılaşıb. Təəssüf ki, cüdoçumuz bu görüşdə də məğlub olub və mundialı medalsız başa vurub.
Xatırladaq ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurmuşdular. Dünya çempionatı mayın 14-də başa çatacaq.