Höccətin arzuları KÖŞƏ YAZISI
- 12 Yan 2023 11:03
- 760
İllərdi dediyimiz, yazdığımız çox vacib bir məqam var. İsrarla deyirik ki, AFFA-nın daxilindəki məlum şəbəkənin “milliləşdirmə” siyasətinin kökündə Azərbaycanın milli komandalarının gücləndirilməsi yox, bu işdən pul qazanmaq dayanır. Bu adamlar əcnəbi futbolçuları milli komandaya cəlb etmək adıyla onlara Azərbaycan pasportu verdirirlər, sonra da çevrilib olurlar həmin adamların menecerləri. Ssenari də təxminən eyni olur. Heç kimin tanımadığı futbolçu əvvəlcə “Sumqayıt”a gətirilir, onu ordan milliyə dəvət edib, üzərinə “millinin futbolçusu” markasını yapışdırıb, qiymətini qaldırırlar. Ondan sonra da daha iddialı və sözsüz ki, daha çox pul verən komandaya göndərirlər. Bu keçiddən də öz faizlərini qatlayıb ciblərinə qoyurlar.
Bir vaxtlar Maqomed Kurbanov deyə bir hücumçu var idi. Millimizin o vaxtkı baş məşqçisi Robert Prosineçki deyirdi ki, siz bilmirsiz, mən onda gizli istedad görürəm. Bir dəfə Malta ilə oyundan sonra Prosiçenkidən “gizli istedadı olan hücumçu Kurbanovu meydana niyə buraxmadız” soruşdum. Xorvatiyalı çalışdırıcı aşdı-coşdu, üzünə qəzəbli görkəm verdi. Bəzi həmkarlarımız da məni qınadılar ki, millinin baş məşqçisinin işinə qarışmışam. Sonrası nə oldu? Heç nə, bəli. Maqomed Kurbanovun “gizli istedadı” açılmadı, indi hardadı, heç xəbərimiz də yoxdu. Məhəmməd Mirzəbəyov də elə, Andrey Popoviç də. Siyahını o qədər uzatmaq olar ki... Hamısının da ömür yolu eyni olub. “Sumqayıt”a cəlb edildikdən sonra tale quşu çiyinlərinə qonub, bir andaca Azərbaycanın üzdə olan zəngin klublarının (!) diqqətini cəlb ediblər. Özləri də zənginləşib, onlara menecerlik edənlər də.
Bir vaxtlar Amit Quluzadəni, Cavid İmamverdiyevi, Mirhüseyn Seyidovu, Araz Abdullayevi, Pilağa Mehdiyevi, Kamran İbrahimovu və sair bu kimi futbolçuları yetişdirən “Neftçi”də indi durğunluqdu. Çoxdandı ki, “Neftçi” ortaya istedad çıxarmaqla yox, “milliləşdirilənlərin” oylağına çevrilməklə diqqətləri üzərinə çəkir. Məlum şəbəkə zaman-zaman “milliləşdirilənlər”in, “eks-“Sumqayıt”lılar”ın yolunu “Neftçi”yə salıb, ciblərini doldurmaqdan çəkinmir. Bu yolun növbəti yolçusu iranlı futbolçu Höccət Haqverdi oldu. Adamın bu həyatda oynadığı ən güclü klub elə “Sumqayıt” olub. Məşhəd şəhərində doğulan müdafiəçi keçən yay Təbrizin “Traktor” klubuna yollansa da, özünü orda göstərə bilmədi.
İndi onu təntənəli surətdə “Neftçi”yə gətirib, mədət umurlar ki, çətin vəziyyətdə olan “ağ-qaralar”a köməyi dəysin. Mən isə iddia edirəm ki, “milliləşdirilmiş” futbolçu o səviyyədə deyil, onun gücü elə ortabab “Sumqayıt”da oynamağa çatar. Müdafiəçinin klubun televiziyasına verdiyi müsahibədə bir məqama diqqət etdim. Bizə Azərbaycan əsilli futbolçu kimi sırınan, iki ilə yaxın “Sumqayıt”ın və milli komandamızın formasını geyinən Haqverdi müsahibəni ingilis dilində verir. Onun səsini batırmaq üçün fonda musiqi səslənir, subtitrlərdə isə futbolçunun fikirləri əks olunur. “2-ci, 3-cü, 4-cü yerlər üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq. Çempionatda birinci yer uğrunda mübarizə aparmalı və kuboku qazanmalıyıq” – deyir Höccət bəy.
Nə deyək, Allah səni arzuna çatdırsın!
Amal Abuşov