Hondası olan Abasovun Əhməd axtarışı
- 26 Apr 2021 09:23
- 3582
"Neftçi"nin baş məşqçisi Samir Abasov “Sabah”la oyundan sonrakı mətbuat konfransında rəqibin qapıçısı Saşa Stamenkoviçi təhqir edib. Ümid edirəm ki, “Sabah” öz qapıçısına sahib çıxacaq, baş məşqçinin sözləri sübutlarla AFFA İntizam Komitəsinə təqdim ediləcək. Neçə ildi Azərbaycan çempionatına baxırıq, belə şey görməmişdik. Bu tendensiyanın qarşısı alınmalı, rəqib futbolçunun təhqir edən çalışdırıcıya layiqli cəza verilməlidi. Mən Samir bəyi yaxşı başa düşürəm. Bəli, “Neftçi” illərlə həsrətində olduğu qızıl medallara xeyli yaxınlaşmışdı. Abasov “Neftçi”ni çempion etməklə Böyükağa Hacıyevdən sonra adını ölkənin ən qocaman klubunun tarixinə yaza bilər. Amma görünən odu ki, “xalq komandası” bu yükü qaldırmağa hazır deyil. Təsadüfi deyil ki, həm Qəbələdəki, həm də Masazırdakı oyundan sonra Samir bəy “Neftçi”nin üzərindəki təzyiqdən danışıb. Elə bu təzyiqin nəticəsidi ki, çalışdırıcı “Sabah”la oyundan sonrakı mətbuat konfransında Stamenkoviç barədə xoşagəlməz ifadələr işlədib.
Düzü, həmin mətbuat konfransında iştirak etməmişəm, Abasov sözlərini ilk dəfə həmkarlarımdan birinin “feysbuk”dakı statusunda gördüm. Sonra mətbuat konfransının videoyazısına baxdım və bir daha əmin oldum ki, Samir bəy elə o cür də deyibmiş: “Vaxtı uzadır, ver “qırmızı”nı, rədd elə”. Belə başa düşürəm ki, Samir bəyin əlində fürsət olsaydı, özü meydana çıxar və Saşanı “çərçivə”dən döyə-döyə qovardı. “Sabah”ın AFFA İntizam Komitəsinə müraciəti, komitənin Abasova verəcəyi cəza öz yerində. Ölkənin ən qocaman klubu, “xalq komandası” adına iddia edən “Neftçi” də bu məsələyə biganə qalmamalıdı. Çox ümid edirəm ki, “Neftçi” öz ad-sanına, klubun tarixinə, rəqib komandalara və futbolun yazılan-yazılmayan qaydalarına hörmət edəcək, ən azından bu məsələ ilə bağlı bir bəyanat yayıb məşqçisini qınayacaq.
Ümumiyyətlə, AFFA ilə "Neftçi" çempionatı öz oylaqlarına çeviriblər. Pandemiya dövründə stadionlara kənar şəxslərin buraxılması qadağandı, amma Hondanın qonaqları VİP tribunada otuzdurulur, sonra da sosial şəbəkələrdə şəkil paylaşıb azarkeşlərə acıq verirlər. “Neftçi”nin arenaya kənar şəxs buraxdırmaq imkanı varsa, bu imkandan klubun sadiq azarkeşlərinin xeyrinə istifadə etmək lazımdı. Əminəm ki, ürəyi “Neftçi”ylə döyünən neçə-neçə azarkeş sevimli komandasının oyununa stadionun bir küncündən karantin qaydalarına yüksək səviyyədə riayət etməklə baxmaq üçün çox şeydən keçərdi. “Neftçi”nin belə bir təşəbbüsdə bulunduğunu nə eşitmişik, nə də görmüşük. Əvəzində dünən komandanın sıralarına qatılan Honda stadiona qonaq dəvət edir, onları şəxsən VİP tribunada qarşılayır. Bəs PFL, AFFA və “Neftçi”nin rəhbərliyi hara baxır?
Bəli, “Neftçi”nin vəziyyəti heç də yaxşı deyil. Komanda bütün ilboyu transfer edir, əcnəbi futbolçuları qarşılayıb-yola salır, amma yenə də ortada nəticə yoxdu. Hər gələn-gedən legioner Azərbaycanda çıxan valyuta, havaya sovrulan neft pulları deməkdi. Bunun hesabatını isə həm Kamran Quliyev, həm də Samir Abasov verməlidi. Honda gəldi, Əhməd gəldi, çempionluq isə gəlmir ki, gəlmir... Əhmədin qol vurduğunu görən olubmu?