Kadi Borgesin “Qarabağ”da parlaması təsadüfi deyildi. Bəli, ona qədər də komandada yaxşı oyunçular olub, parlayıb, qələbələr qazandırıblar. Ancaq heç birinə bu qədər maraq olmamış, bu böyüklükdə transfer təklifi gəlməmişdi. İstedadına şübhə yoxdu, bunu bir kənara qoyub “Niyə məhz Kadi, niyə məhz indi” sualına cavab tapmağa çalışaq.

İlkin səbəb “Qarabağ”ın mütəmadi göz önündə olması, illərdi Avropada müəyyən səviyyədə sözünü deyə bilməsidi. Bu avromövsümdə əldə edilən qələbələr də böyük effekt verdi. “Köhnə dünya”da ağılsız deyillər, Azərbaycan kimi dibdə olan futbol ölkəsindən bu cür nəticə qazanan komandanın çıxmasının havadan-sudan alınmadığını bilirlər. Ortaya ciddi iş qoyulub və ardıcıl 9 il qruplar da bunun nəticəsidi. Transfer bazarında aktiv oyunçuya çevrilmək üçün o ətraflarda xeyli müddət “fırlanmaq”, özünü sübut etmək lazımdı. Sabitlik ciddi faktordu.

Bəs niyə böyük qələbələr, böyük transfer təklifləri məhz son 1 ildə gəldi? Necə oldu ki, Vacinin 2 milyon avroluq gedişindən sonra Borgesə də 5 milyonu necə deyərlər, anında və yerində saydılar, tərəddüd etmədilər?

Hər şey sadədi: "Qarabağ" hücumameylli futbol oynamağa başlayıb.

Əsas səbəb budu. “Qarabağ” öz oyun fəlsəfəsində, daha dəqiq desək, mentalitetində hücuma doğru dəyişiklik edib. Qurban Qurbanov son 2 ildəki az qala bütün geniş müsahibələrində eyni fikri təkrarlayır: “44 günlük müharibədəki qələbədən sonra daha biz ehtiyatlı oynamırıq, hücum edirik, qələbə üçün bu yolu seçmişik”. Hocanın sözlərini təsdiqləyə bilərik, buna hamımız meydanda şahidlik edirik. Ordumuzun böyük qələbəsi komandaya da rahatlıq gətirib, məğlubiyyətdən qorxu yoxdu. Artıq Qarabağ adı klub üzərində məsuliyyət qılıncı kimi dayanmır. Bəli, bu ad hələ də öz xüsusi əhəmiyyətini itirməyib, hələ də ağırlığını qoruyur, amma etiraf edək ki, əvvəlki qədər yüklü deyil. Bu da “Qarabağ”a çəkinmədən irəli atılmağa, pressinqdən daha geniş istifadə etməyə, nəticəni öz yox, rəqib qapısı önündə axtarmağa imkan verir. Bu bəzən elə komandalar üzərində, elə əzici üstünlüklü qələbələrə gətirir ki, təəccüb və təsirindən uzun müddət ayılmaq olmur. Hər dəfə də xatırlayanda bir də yoxlayırsan ki, həqiqətən də bu baş verib, bir Azərbaycan klubu bu rəqibi həqiqətən darmadağın edib?

Əvvəl necə idi? Xatırlayın: bütün ictimaiyyət “Qarabağ”ı arxada top çevirməkdə, qol vurmaqdan çox, qol buraxmamağa çalışmaqda ittiham edirdi. Düz də edirdilər. Nəticə vardı, amma çətin qazanılırdı, rəqib üzərində aşkar üstün oyunla əldə edilən qələbələr çox az idi. Hər matçın sonuna yaxın oturub fikirləşirdik ki, “indi qol buraxacağıq”, “bir azdan qol buraxacağıq”, “indi alıb vuracaqlar", "buraxsaq, əvəzini çıxa bilməyəcəyik”, “bunlar niyə hücum etmirlər?”. Son illərə qədər ön plana çıxan, yadda qalan futbolçular kim idi: Rəşad Sadıqov, Ansi Aqolli, Admir Teli, İbrahim Şehiç, Maksim Medvedyev, Qara Qarayev, Bədavi Hüseynov, Yakub Rejniçak, Rəşad Sadiqov, Dani Kintana, Miçel, Riçard Almeyda, Əfran İsmayılov, Reynaldo, Mahir Əmrəli, Dino Ndlovu? Fikir verirsizsə, böyük hissəsi müdafiə adamlarıdı. Qolların altında onların da imzaları az deyildi. Rəşad Sadıqov ismini bir daha çəkib abzası yekunlaşdıra bilərik.

Son iki ildə isə Zubir, Kadi, Romero, Ozobiç, Vaci, Şeydayev, Qurbanlı, Ovusu və başqaları daha önə çıxdı. Komanda daha hücumameylli futbol oynadığından ön xətdə yer alanlar daha çox fərqlənmə şansı əldə edirlər. Əvvəlki illərdə ən üzdə olan Reynaldo, Əmrəli, Əfran və başqaları təxminən eyni tərz futbolçular idilər: topu götürərək sürət hesabına irəliləyən, qol üçün böyük məsafə qət etməli olan, driblinq hesabına fərqlənən. Çünki oyun əks-hücum üzərində qurulurdu, qol vurmaq üçün rəqib qapısının 15-20 yox, təxminən 50-60 metrindən “start götürmək” lazım gəlirdi. Mərkəz hücumçularının dişsiz olmasının səbəbi də bu idi. Onsuz da super səviyyəli snayper deyildilər, bir tərəfdən də  onlara maksimum şans yaradacaq oyun oynanmırdı. Gelaşvili, Corc, Emeqara, Pupon, Geye, Armenteros və başqaları klub tarixində sadəcə ad olaraq qalırlar, böyük statistika sahibi deyillər. Təbii ki, Ndlovu kimi istisnalar da var, amma istisnalar qaydaları pozmur.

Borges də mərkəz hücumçusu deyildi. Amma hücumun lokomotivi, döyünən ürəyi idi. Həm özü fərqlənir, həm də digərlərinə şans yaradırdı. Şans isə çox idi. Ön xətdə basqı edən, rəqibdən asılı olmayaraq oyunun böyük hissəsində dominantlıq etməyə çalışan komandada qolçu olmaq daha asandı. “Şeydayev kimi “ildə bir dəfə atan tüfəng”in hazırda komandanın bombardiri olması faktı çox şeydən xəbər verir” desək, yəqin ki yanılmarıq. Hər şey göz önündədi. Ramilin də, Kadinin də, Ovusunun da, Vacinin də, digərlərinin də bəxti gətirib ki, “Qarabağ” və Qurban Qurbanovun məhz hazırkı dövründə meydanda olublar. Elə həmin Şeydayevin ağdamlıların heyətindəki ilk mövsümünü xatırlayın. Demək olar ki, heç nə ilə yadda qalmamışdı, indikiylə yerlə-göy qədər fərq var.

Əslində, eyni problem millidə də var və mənim əlahəzrət italyan mütəxəssisə əsas etirazım da həmişə bundan ibarət olub. Əldə normal heyət ola-ola hətta Malta kimi rəqiblərə qarşı belə müdafiədən - az qala 8 müdafiəçiylə oynamaq absurddu, ictimaiyyətə hörmətsizlikdi, xəyanətdi. De Byazi belə etməklə bizim azacıq olan ümidlərimizi də yerə vurur, potensialımıza yuxarıdan-aşağı baxaraq şansımızdan istifadə etmirdi. Nə oldusa, son 1 ildə oldu və komanda ardıcıl qələbələr qazanmağa başladı. “Nə oldusa”nı yuxarıda izah etdik. Yığmanın əsas dayağı olan “Qarabağ” hücum futbolu oynamağa başlayan kimi milli də bir il gecikməylə də olsa, eyni yolu tutdu və nəticə ortadadı. Bəli, oyunların əhəmiyyəti, statusu o deyil, ancaq yenə də öz qapımızda “yatmayanda” nəsə edə biləcəyimizi göstərir. De Byazi sadəcə anladı ki, “millidə “Qarabağ”a mane olmaq” yox, ona yol açmaq lazımdı. Uğur özü gələcək.

 

Kənan Məstəliyev, Rekord.az