Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "C.S.M. Lugoj" "Challenge Cup"ın 1/8 finalına qələbə ilə başlayıb. 

Voleybolçumuzun komandasının bu mərhələdəki Portuqaliyanın "Kairos Ponta Delgada" klubudur. Cütün Portuqaliyada baş tutan ilk oyunu Liza və rəfiqələri üçün uğurlu alınıb. "C.S.M. Lugoj" meydan sahiblərinə bu matçda heç bir şans verməyib və quru hesablı qələbəni bayram edib - 3:0 (25:17, 25:21, 25:15). 

Rumıniya təmsilçisinin çətinlik çəkmədiyi görüşdə yığmamızın üzvü möhtəşəm oyunla yadda qalıb. Voleybolçumuz rəqibi 14 dəfə məyus etməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 11-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb. 

Qeyd edək ki, cütün cavab matçı yanvarın 18-də Rumıniyada keçiriləcək. Həmin oyunda qalib gələcəyi və ya 1 xal udacağı təqdirdə "C.S.M. Lugoj" adını 1/4 finala yazdıracaq.