Hücumçumuz avrokubokda pley-offa yüksəldi
- 13:30
- 39
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu Rumıniyanın "CS Volei Alba BLAJ" CEV kubokunun 1/8 final mərhələsində Çexiyanın "VK PROSTEJOV" klubu ilə üz-üzə gəlib.
Cütün ilk matçında rəqibini 3:1 hesabı ilə məğlub edən voleybolçumuzun komandası doğma meydandakı cavab görüşündə də azarkeşlərini sevindirə bilib. Gərginliyi ilə yadda qalan 5 setlik oyunda Liza və rəfiqələri 3:2 (25:21, 16:25, 25:14, 27:29, 15:6) hesabı ilə qələbə qazanıblar.
Komandasının növbəti mərhələyə yüksəldiyi görüşdə Ruban 12 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, rəqibi 10 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib. Bu komandada çıxış edən millimizin digər üvzü Olena Xarçenko isə meydana çıxmayıb.
Qeyd edək ki, Rumıniya təmsilçisi 1/4 finalda İspaniyanın "Avarca de Menorca" kollektivi ilə qarşılaşacaq.