Hücumçumuz avrokubokun finalına məğlubiyyətlə başladı
- 16 Mar 2023 10:10
- 388
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda finalın ilk qarşılaşmasına çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubunun finaldakı rəqibi İtaliyanın "Reale Mutua Fenera Chieri" kollektividir.
Cütün İtaliyada baş tutan ilk görüşü voleybolçumuzun komandası üçün pis başlayıb. İlk setdə məğlub olan Rumıniya təmsilçisi sonradan daha ciddi müqavimət göstərsə də, hesabı bərabərləşdirə bilməyib. Növbəti hissədə də meydan sahibləri daha yaxşı çıxış ediblər. Beləliklə, 3 set davam edən matçda Liza və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (15:25, 26:28, 17:25).
"CSM Lugoj"un setsiz uduzduğu görüşdə yığmamızın üzvü 12 dəfə fərqlənməklə komandasının ən məhsuldar oyunçusu olub. Ruban xalların hamısını hücumda qazanıb.
Qeyd edək ki, cütün cavab qarşılaşması martın 22-də Rumıniyada keçiriləcək. Həmin oyunda voleybolçumuzun komandası mütləq quru hesablı qələbə qazanmalıdır. Belə olacağı təqdirdə komandalar qızıl setdə mübarizə aparacaq və çempionun adı bəlli olacaq. Görüşü türkiyəli Burhan İlhan və serb Aleksandra Balandziç idarə edəcəklər.