Hücumçumuz avrokubokun yarımfinalına məğlubiyyətlə başladı
- 24 Fev 2023 10:48
- 439
Qadın voleybolçulardan ibarət Azərbaycan miliisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubunun 1/2 finaldakı rəqibi Serbiyanın "Jedinstvo Stara Pazova" kollektividir.
Cütün Serbiyada baş tutan ilk görüşü gərginliyi ilə yadda qalıb. Oyuna meydan sahibləri daha yaxşı başlayıblar və 1:0 hesabı ilə irəli keçiblər. Bundan sonra təşəbbüsü ələ alan voleybolçumuzun komandası ardıcıl 2 hissəni aktivinə yazmaqla hesabı 2:1 edib. Növbəti setdə isə yenə serblər üstün olublar və matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə də ev sahibi komanda qalib gələn tərəf olub. 5 set davam edən qarşılaşmada Liza və rəfiqələri 2:3 (21:25, 25:21, 25:17, 16:25, 8:15) hesabı ilə məğlub olublar.
Uduzmasına baxmayaraq, "CSM Lugoj" finala adlamaq şansını qoruyur. Belə ki, martın 1-də Rumıniyada keçiriləcək cavab oyununda hücumçumuzun komandası 3:0 və ya 3:1 hesabı ilə qalib gələrsə adını finala yazdıracaq. Əgər 3:2 hesablı qələbə qeydə alınarsa, o zaman qızıl setə ehtiyac duyulacaq.
Qeyd edək ki, komandasının qələbəni son anda əldən verdiyi görüşdə yığmamızın üzvü 23 dəfə fərqlənib. Ruban bu xallardan 22-ni hücumda, 1-ni isə eyslə qazanıb.