Qızıl Avropa Liqasına mübarizə aparan kişi voleybolçulardan ibarət millimizin ilk turu qələbəsiz başa vurdu. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda təşkil olunan tur çərçivəsində Rumıniya və Ukraynaya məğlub olub. 

Millimizin hücumçusu Andrey Vasilenko ilk tur və qarşıdakı oyunlar haqqında fikirlərini bölüşüb:

“İlk turda məğlub olduq. Klub mövsümündən sonra oyunçularda yorğunluq var. Bu, əlbəttə ki, bəhanə deyil, amma çətinlik yaradan faktorlardandı. İlk iki oyun haqqında deyə bilərəm ki, biz oynadıqca artıq səhvlərimizi görür və onların üzərində çalışıb aradan qaldırırıq. Setdən setə oyunumuz inkişaf edir və sonluğu daha yaxşı gətiririk. Lakin qələbə üçün nəsə çatmır, bu isə bizdən asılıdır. Biz bunun da üzərində çalışıb vəziyyəti düzəltməyə çalışacağıq.

Növbəti oyunlar daha çətin olacaq, çünki heyətdə yeni oyunçularımız var ki, Bakıda ilk dəfə oynadılar. Lakin artıq rəqiblər komandamızın oyununu analiz edəcəklər. Bununla belə biz də oyun səviyyəmizi artırırıq və daha yaxşı oynayacağımıza inanıram. Bu iki oyun bizə uyğunlaşmaq üçün kömək oldu, çünki biz iki ildir ki, bir yerdə oynamırdıq. Düşünürəm son oyunlarda daha yaxşı oynayıb yaxşı nəticə göstərə bilərik”.