Hücumçumuz Braziliyada çox çalışsa da, komandası qələbə qazana bilmədi
- 07 Dek 2019 23:10
- 1010
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Sesi" 7-ci turda "Osasco" ilə üz-üzə gəlib.
Voleybolçumuzun komandası doğma meydanda baş tutan görüşə pis başlayıb və ardıcıl iki setdə uduzub. Lakin sonradan təşəbbüsə yiyələnən Polina və rəfiqələri növbəti iki hissəni qalib başa vura biliblər. Görüşün taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə qonaq komanda daha dəqiq oynayıb. 5 set davam edən matçda hücumçumuzun komandası 2:3 hesabı ilə məğlub olub.
"Sesi"nin qələbəni son anda əldən verdiyi oyunda millimizin üzvü 26 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Rəhimova bu xallardan 21-ni hücumda, 3-nu eyslə, 2-ni isə blokda qazanıb.