Hücumçumuz çox çalışsa da komandası qələbə qazana bilmədi
- 31 Yan 2023 12:00
- 442
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 13-cü tur çərçivəsində çempionatın vahid lideri "Alba Blaj" klubu ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. İlk setdən təşəbbüsə yiyələnən rəqib üstünlüyünü sonadək qoruya bilib. 3 gissə davam edən matçda Liza və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (23:25, 13:25, 19:25).
Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü 17 dəfə fərqlənib. Bu göstərici ilə o, qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 13-nü hücumda, 3-nü blokda, 1-ni isə eyslə qazanıb.
Qeyd edək ki, 13 oyundan sonra "CSM Lugoj"un hesabında 25 xal var. Komanda hazırda turnir cədvəlində 5-ci yerdədir.