Hücumçumuz komandasını avrokubokun 1/2 finalına çıxardı
- 09 Fev 2023 12:25
- 436
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda yarımfinala yüksəlib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyini "CSM Lugoj" klubu "Challenge Cup"ın 1/4 finalında Belçikanın "Asterix Avo Beveren" kollektivini qəbul edib.
Cütün Belçikada baş tutan ilk görüşündə 3:2 hesabı ilə qqalib gəlmiş voleybolçumuzun komandası üçün cavab matçında istənilən hesablı qələbə mərhələ adlamaq üçün kifayət edəcəkdi. Lakin "CSM Lugoj" oyuna yaxşı başlamayıb və ilk seti qonaqlar aktivlərinə yazdırıblar. Bundan sonra Rumıniya təmsilçisi təşəbbüsü ələ ala bilib və rəqibə daha artıq sevinməyə imkan verməyib. 4 set davam edən matçda Liza və rəfiqələri 3:1 (21:25, 25:23, 25:21, 25:21) hesabı ilə qələbə qazanıblar. Bu qələbə ilə "CSM Lugoj" adını "Challenge Cup"ın yarımfinalına yazdırıb. Növbəti mərhələdə komandanın rəqibi Portuqaliyanın "Porto" və Serbiyanın "Stara Pazova" klublarının mübarizəsindən qalib ayrılacaq tərəf olacaq. Bu cütün ilk oyunu Serbiya təmsilçisinin quru hesablı qələbə ilə yekunlaşıb.
Komandasının mərhələ adladığı görüşdə millimizin üzvü möhtəşəm oyunla yadda qalıb və 26 dəfə fərqlənib. Voleybolçumuz bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, xalların hamısını hücumda qazanıb.