Rumıniyada qadın voleybolçuların birinciliyində yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın formasını geyindiyi "CSM Lugoj" da çempionluq uğrunda mübarizəsni davam edən komandalar sırasındadır. 

Hücumçumuzun komandası 1/4 finalda "CSO Voluntari 2005" klubuna rəqib olub. İlk oyunda qalib gələn "CSM Lugoj" növbəti oyunda məğlub olmuşdu. Reqlamentə uyğun olaraq ümumi hesab bərabər olduğundan üçüncü matça ehtiyac yaranmışdı. Cütün sonuncu görüşünə voleybolçumuzun komandası yaxşı başlayıb. rəqibə heç bir şans verməyən Liza və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:14, 25:21, 25:22). Bununla da "CSM Lugoj" adını yarımfinalçılar sırasına yazdırıb. 

Komandasının mərhələ adladığı matçda yığmamızın üzvü 18 dəfə fərqlənib. Ruban bu göstərici ilə həm də qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, bu xallardan 14-nü hücumda, 3-nü eyslə, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki,  "CSM Lugoj" yarımfinalda "CSM Targoviste" klubu ilə üz-üzə gələcək. Çempionatın əsas mərhələsində bu komandalar iki dəfə qarşılaşıblar. Hər iki matçda voleybolçumuzun komandası 3:2 hesablı qələbə qazanıb.