Hücumçumuz komandasının avrokubokda mərhələ adlamasında əsas pay sahiblərindən oldu
- 23 Dek 2022 10:30
- 387
Azərbaycanın voleybolçu qadınlardan ibarət yığmasının üzvü Nikalina Başnakova avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu Macarıstanın "Szent Benedek" klubu "CEV Cup"ın 1/16 final mərhələsində Xorvatiyanın "Marina Kastela" kollektivi ilə üz-üzə gəlib.
Cütün Macarıstanda keçirilmiş ilk oyununda voleybolçumuzun komandası 3:1 hesabı ilə qalib gəlmişdi. Xorvatiyada keçirilən cavab matçında Nika və rəfiqələri ilk setda uduzsalar da, yekunda meydan sahiblərini yenə eyni hesabla üstələyiblər - 3:1 (23:25, 25:23, 25:22, 25:13). Bununla da hər iki oyunda qalib gələn "Szent Benedek" adını 1/8 finala yazdırıb.
Macarıstan təmsilçisinin mərhələ adladığı qarşılaşmada miliimizin üzvü 19 dəfə fərqlənməklə komandasının və görüşün ikinci məhsuldar oyunçusu olub. Başnakova bu xallardan 15-ni hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.
Qeyd edək ki, "Szent Benedek"in 1/8 finaldakı rəqibi Çexiyanın "Dukla Liberec" kollektividir.