Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya birinciliyində növbəti oyunu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindyi "CSM Lugoj" 15-ci tur çərçivəsində "SCMU Craiova" klubunun qonağı olub.

Rəqib meydanın baş tutan görüş voleybolçumuzun komandası üçün yaxşı başlayıb və Lugoj təmsilçisi 2:0 hesabı ilə irəli keçib. Bundan sonra təşəbbüsə yiyələnən meydan sahibləri ümumi hesabı azalda biliblər - 2:1. Lakin bu, onların qazandığı yeganə set olub. 4 hissə davam edən matçda Liza və rəfiqələri 3:1 (25:18, 25:18, 17:25, 25:17) hesablı qələbəni bayram ediblər.

Komandasının səfərdə qalib gəldiyi qarşılaşmada yığmamızın üzvü 17 dəfə fərqlənməklə qələbədə mühüm pay sahibi olub. Ruban bu xallardan 16-nı hücumda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, aktivinə daha 3 xal yazdıran "CSM Lugoj" xallarının sayını 31-ə çatdırıb və 4-cü pilləyə yüksəlib.