Hücumçumuz Macarıstanda növbəti qələbəyə sevindi
- 21 Fev 2023 10:28
- 406
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" 13-cü turda "Fatumla" üz-üzə gəlib.
Qarşılaşma gərginliyi ilə yadda qalıb. Voleybolçumuzun komandası oyuna pis başlayıb və 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra meydan sahibləri təşəbbüsü ələ ala biliblər. Ardıcıl iki setdə qalib gələn "Szent Benedek" matçın taleyini tay-brekə daşıyıb. Həlledici hissədə daha dəqiq oynayan Nikalina və rəfiqələri 3:2 (19:25, 22:25, 25:20, 25:17, 15:12) hesablı qələbəni bayram ediblər.
Komandasının möhtəşəm geridönüşlə yadda qaldığı görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Başnakova meydanda olduğu müddətdə 2 dəfə fərqlənib. O, xallardan birini hücumda, digərini isə blokda qazanıb.
Qeyd edək ki, "Szent Benedek" turnir cədvəlində özündən sonrakı rəqibini məğlub etməklə xallarının sayını 23-ə çatdırıb və 3-cü pillədəki yerini möhkəmlədib.