Rumıniya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 18-ci turda "FC Arges" klubu ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutan görüş voleybolçumzun komandası üçün uğurlu alınıb. İlk setdən üstünlüyü ələ alan "CSM Lugoj" qarşılaşmadan quru hesablı qələbə ilə ayrılıb - 3:0 (25:20, 25:17, 25:14).

Komandasının çətinlik çəkmədiyi matçda yığmamızın üzvü 10 xal qazanıb. Ruban meydan sahiblərini 5 dəfə hücumda, 5 dəfə isə blokda məyus edib. 

Qeyd edək ki, bu qələbə xallarının sayını 40-a çatdıran "CSM Lugoj" turnir cədvəlində 5-ci pillədəki yerini qoruyub. Komanda, eyni zamanda özündən irəlidə olan və bir oyun artıq keçirən "CS Dinamo Bucuresti" ilə xallarını bərabərləşdirib.