Hücumçumuz qitə birinciliyinə hazırlıq prosesindən danışdı
- 02 Avq 2023 12:04
- 277
Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Bakıda keçir. "Rekord.az" xəbər verir ki, yığmamızın hücumçusu Nikalina Başnakova təlim-məşq toplanışı və yarış haqqında fikirlərini bölüşüb:
"Avropa çempionatına ilkin hazırlıq prosesindən, daha dəqiq Bakıda komanda olaraq toplaşmazdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdı. Ardınca zalda ciddi məşqlərə başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taxtikasının inkişafına töhfə verir.
Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək çalışılır. Biz məşqçilər korpusunun əməyini yüksək qiymətləndiririk.
Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin səhvlərimiz üzərində çalışmağa şərait yaradır. Komanda şəklində hazırlığımız tam sürətlə davam edir. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq üçün, yəni Avropa çempinatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq".