Hücumçumuz Rumıniya çempionatına məğlubiyyətlə başladı
- 31 Okt 2022 13:47
- 396
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 1-ci turda "Rapid" klubu ilə üz-üzə gəlib.
Görüş gərginliyi ilə yadda qalıb. Liza və rəfiqələri doğma azarkeşlər önündə qarşılaşmaya yaxşı başlayıblar və hesabda önə keçiblər. Lakin rəqib ardıcıl iki setdə qalib gəlməklə hesabı öz xeyrinə dəyişib. Meydan sahibləri ümumi hesabı bərabərləşdirə biliblər. Beləliklə, görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə qonaqlar daha dəqiq oynayıblar və "CSM Lugoj" 2:3 (25:18, 15:25, 15:25, 25:23, 10:15) hesabı ilə məğlub olub.
Mövsümə Rumıniya Superkubokunu qazanmaqla başlayan voleybolçumuzun komandası birinciliyin ilk turunda yalnız bir xalla kifayətlənməli olub. Komandasının xal qazanmasında mühüm payı olan yığmamızın üzvü qarşılaşmada 16 dəfə fərqlənib. Ruban bu xallardan 15-ni hücumda, 1-ni isə blokda qazanıb.