Hücumçumuz Yunanıstan çempionu oldu
- 13 May 2022 10:24
- 633
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Yunanıstan çempionu adını qazanın. "Rekord.az" xəbər verir ki, hücumçumuz bu uğura şərəfini qoruduğu “Panatinaikos”la imza atıb.
Stepanenkonun komandası finalda “Olimpiakos”la qarşılaşıb. Çempion olmaq üçün tərəflərdən biri 3 qələbə qazanmalı idi. Cütün gərgin alınan mübarizəsində hər iki komanda 2 görüşdə qələbə qazanmaq çempionluğun taleyini 5-ci oyuna saxlamışdı. Həlledici matçda isə “Panatinaikos” daha yaxşı çıxış edərək ümumi hesabı 3:2 edə bilib. Bununla da voleybolçumuzun komandası 11 ildən sonra Yunanıstan çempionu adını qazanıb.
Hücumçu uzun illər sonra qazanılan bu qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb: “Yunanıstan çempionu titulunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 11 il idi ki, çempion adını qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm.
Ümumiyyətlə, çempionat çox maraqlı oldu. Qızıl medal qazanmaq üçün çox çalışdıq. Final seriyasında “Olimpiakos” klubu ilə 5 dəfə qarşılaşdıq. 2:2 hesablı bərabərlikdən sonra 5-ci matçda 3:1 hesabı ilə qalib gəldik. Uzun müddətdən sonra “Panatinaikos” ölkə çempionu titulunu qazandı. Bu gözəl qələbə münasibəti ilə komanda yoldaşlarımı və klubumuzun bütün əməkdaşlarını təbrik edirəm”.
Qeyd edək ki, millimizin hücumçusu daha öncə “Panatinaikos”la ölkə kubokunu da qazanıb.