Hücumçumuzun komandası avrokubokda qələbə qazandı
- 15 Dek 2022 10:26
- 426
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova avrokubokda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Macarıstanın "Szent Benedek" klubu "CEV Cup"ın 1/16 final mərhələsinin ilk qarşılaşması çərçivəsində Xorvatiyanın "Marina Kastela" kollektivi ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan oyun Macarıstan təmsilçisinin üstünlüyü ilə keçib. Gərgin alınan ilk iki setdə tərəflər hərəyə bir dəfə fərqlənməklə ümumi hesabda tarazlıq yaradıblar. Lakin bundan sonra təşəbbüsə yiyələnən voleybolçumuzun komandası üstünlüyünü qoruyaraq meydandan qalib ayrılıb. 4 set davam edən matçda Nikalina və rəfiqələri 3:1 (27:25, 23:25, 25:18, 25:16) hesabı ilə qələbə qazanıblar. Bununla komanda növbəti mərhələ şansını artırıb. Cütün cavab oyunu dekabrın 21-də Xorvatiyada baş tutacaq.
"Szent Benedek"in ilk qələbəsini qazandığı görüşdə yığmamızın üzvü 11 dəfə fərqlənib. Başnakova bu xallardan 8-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb.