
“Hücumda intizamlı oynaya bilmədik”
- 17:00
- 38
NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 18-ci turunda “Neftçi” ilə qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis matça yaxşı başlasalar da sonluğun istədikləri kimi alınmadığını vurğulayıb:
“Matça yaxşı başladıq. Amma oyunun sonu istədiyimiz kimi alınmadı. Üçüncü periodda Detrek 5 foldan sonra oyunu tərk etdi. Bu itki özünü göstərdi. Hücumda intizamlı oynaya bilmədik. Bu da məğlubiyyətə gətirib çıxardı. Əvvəlki oyunlarımıza baxsaq, daha çox xal buraxmışdıq. Bu gün rəqibə cəmi 76 xal verdik, amma məğlub olduq. Bu oyunu analiz etməliyik. "Sabah"la oyuna hazırlaşacağıq. Mən heç vaxt hakimlik barədə danışmıram. Və düşünmürəm ki, hakimlərin qərarları məğlubiyyətimizə səbəb oldu. Qərəz görmədim. Hakimlər bacardıqları kimi idarə edirlər. Hər kəs səhv edə bilər. Digər tərəfdən, basketbol təmaslı oyundur. Bu, voleybol deyil. Mən həmişə basketbolçulara oynamağa imkan verilməsinin tərəfdarı olmuşam. Görürəm ki, amerikalılar oyun zamanı bir-biri ilə danışırlar. Onlar tez-tez verilən follara təəccüblənirlər. Müasir basketbolda oynamağa imkan verirlər. Buna baxmayaraq, düşünürəm ki, hakimlərimiz də inkişaf edirlər. Hər şeyi birdən əldə etmək olmaz”.
“Sərhədçi” İdman Mərkəzində baş tutan "Neftçi" - NTD görüşü birincilərin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.