"Hypers Quba"dan daha bir narazılıq: pulumu ala bilmirəm
- 15:00
- 83
"Hypers Quba" mövsüm öncəsi iddialı görünürdü. Qubaya köçən komanda baş məşqçi Vüqar Nadirovun timsalında da gələcəklə bağlı iddialı açıqlamar verdi. Lakin mövsüm başlayınca hər şey əksinə getməyə başladı. Bir qədər sonra Nadirov baş məşqçi postundan ayrıldı. Ondan sonra gələn Zaur Hidayətov da uzun müddət qalası olmadı və o da postunu tərk etdi. Komanda liderlər "Şahdağ Qusar"la "Şəfa"dan xeyli geri düşdü. Bundan başqa, komandanın futbolçuların əmək haqqlarını ödəyə bilməməsinə dair də məlumatlar yayıldı, hətta bəzi futbolçular bununla bağlı mətbuata açıqlamalar da verdilər. Bizim əıldə etdiyimiz məlumata görə isə problem tək futbolçularla bağlı deyil, məşqçilərlər bağlı da analoji problem var. Belə məşqçilərdən biri də Kamran İsmayılovdu. Hansı ki, Vüqar Nadirovun köməkçilərindən olub. Onun istefasından sonra iki oyunda komandanı baş məşqçi kimi oyunlara da çıxardıb. O da pulunu ala bilməyənlər sırasındadır. Məsələ ilə mövqe öyrənmək üçün İsmayılovun özü ilə əlaqə saxladıq.
Rekord.az-a açıqlama verən gənc məşqçi məlumatı təsdiqlədi: "Mövsümün əvvəlində "Hypers Quba" ilə rəsmi müqavilə bağladıq. Müqavilənin müddəti 1 illikdi. Bu müddətdə daim işimin başında olmuşam. İki oyunda hətta adım protokolda baş məşqçi kimi gedib. Amma aradan keçən bunca müddətdə cəmi iki ay maaş almışam. Qalan ayların maaşını almamışam. Dəfələrlə bununla bağlı rəhbərliklə söhbətimiz olub. Hətta demişəm ki, müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verək. Lakin bu təklifimi qəbul etməyiblər ki, gəl, işinu gör, pulunu verəcəyik. Amma təəssüf ki, yenə müsbət heç nə olmayıb, yenə pulumu ala bilməmişəm. Mənim "Hypers Quba" rəhbərliyi ilə heç bir problemim yoxdur, istəmərəm də ki, münaisbətimi pozulsun. İstəyim sadəcə odur ki, halal pulumu versinlər. 1 illik müqavilə bağlamışıq, avqustdan bu yana cəmi 2 ay maaş almışam. Qalan aylarda mənə çatacaq pulu verməyiblər, istəyim həmin ödənişlərin ödənilməsidir".