Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqa yarışlarının püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasında (AVF) təşkil olunan püşkatma mərasimində AVF-nin ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, I Liqa üzrə məsul şəxslər Dmitri Məmmədyarov, Rza İmanov və birincilik uğrunda mübarizə aparacaq komandaların nümayədələri iştirak ediblər.

2022/2023 illər mövsümündə I Liqada 20 komanda çıxış edəcək. 12 komanda bu il ilk dəfə ölkə birinciliyində mübarizə aparacaq.

Reqlamentə əsasən I Liqa yarışlarında iştirak edəcək yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayacaq və qaliblər növbəti mərhələyə yüksələcək. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.

 

Təsnifat mərhələsində iştirak edəcək komandalar:

A qrupu: “Fuar”, RSC, 7№ İOEUGİM, “Azəri-44”, “Sumqayıt”, “Azəri-2”

B qrupu: “Şəki”, “Delta”, “Azəri-1”, “Aura”, “Kapitalist”, Xətai “Şahinlər”

 

Əsas mərhələdə birbaşa yarışacaq komandalar:

A qrupu: “Hərbi İnstitut”, Murov-2”, “Ekspress”, “Xarı bülbül”

B qrupu: “Təhsil”, “Ryuqa”, “Masallı”, “Kontakt”