Kişi voleybolçular arasında Azərbaycan I liqasında üçüncü turun qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, son oyunlar fərqli məkanlarda  təşkil olunub. 

“Ağsu” rəqibini doğma divarlar arasında qəbul edib. Digər görüşlərin ev sahibi Bakıda “Murov”un bazası olub. Qarşılaşmaların heç birində gözlənilməz nəticə qeydə alınmayıb. 

Liderlər çıxışlarını 3 xalla başa vurublar. Maraqlıdır ki, hər 4 oyun cəmi 3 set oynanılıb. 

Son çempion “Taleh-A.T” “Veteran44” klubuna “quru hesabla” qalib gəlməklə, liderliyini möhkəmlədib. Onlar xallarının sayını 9-a çatdırıblar. “Taleh-A.T” komandasını izləyən “Ağsu” da meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Mövsümdə ilk dəfə yerli publika önündə çıxış edən voleybolçular “Memarlıq və İnşaat Universiteti”ndən üstün olublar və yalnız set fərqində “Taleh-A.T”dan geri qalırlar. 

Liderlər kimi, “Araz 2011” və “Əlincə” də turu aktivlərinə yazıblar. Onlar müvafiq olaraq, “Azəri” və “Tibb Universiteti”ndən üstün olublar. 

III tur
“Ağsu” - “Memarlıq və İnşaat Universiteti” - 3:0 (25:21, 25:14, 26:24)

“Azəri” - “Araz 2011” - 0:3 ( 11:25, 24:26, 16:25)
“Əlincə” - “Tibb Universiteti” - 3:0 (25:19, 25:19, 25:20)
“Taleh-A.T” - “Veteran44” - 3:0 (25:19, 25:19, 25:11)

Qeyd edək ki, I liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.